|
Ukrayna prezidentinin adından Heydər Əliyev fonduna İSUZU Bogdan markalı məktəbli avtobusu hədiyyə edilmişdir
Cari ilin iyul ayının 1-də Ukrayna prezidenti Viktor Yuşşenkonun adından təhsil sahəsində uğurlu layihələr həyatə keçirən Heydər Əliyev Fonduna məktəbli avtobusu təqdim edilmişdir. Avtobus Ukraynada beşinci ildir ki, həyata keçirilən “Məktəbli avtobusu” layihəsi çərçivəsində Fonda hədiyyə edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından ukraynalı qonaqları salamlayan icraçı direktor Anar Ələkbərov demişdir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə mühüm layihələr həyata keçirir.
Məktəbli avtobusunun açarını Ukrayna prezidenti adından Fondun icraçı direktoru Anar Ələkbərova təqdim edən Ukraynanın Azərbaycandakı səfiri, “Dostluq körpüləri” beynəlxalq proyektinin həmsədri cənab B. P. Klimçuk demişdir ki, bu, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
Səfirə Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.
Sonra Fondun həyətində məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş olunmuşdur. Bildirilmişdir ki, Yaponiyanın “İsuzu” sirkətinin Ukraynanın “Bogdan” korporasiyası ilə müştərək istehsalı olan avtobusun şagirdlərin təhlükəsiz daşınmasında xüsusi əhəmiyyəti vardır. Avropa standartlarına cavab verən avtobusun hər bir oturacağında qoruyucu kəmər və qəza vəziyyətləri üçün nəzərdə tutulan düymə vardır. Nəqliyyat vasitəsinin özəlliyi ondan ibarətdir ki, burada quraşdırılan xüsusi meydança vasitəsilə əlil uşaqlar da avtobusdan istifadə edə bilərlər.
Azərbaycan-Ukrayna münasibətlərinə toxunan səfir, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində dövlətlərimizin başçılarının rolunu və xidmətlərini xüsusi vurğulamışdır.
Tətbirdə həmçinin Bogdan korporasiyasının prezidenti cənab O.B. Svinarçuk, AZAUTO şırkətinin baş koordinatoru C. Vəzirov, Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişdilər.
Bakı, 01.07.2008.AzərTAC.
|
 |
|